Füzuli rayonunun Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərinin nümayəndələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ATİAHİ Füzuli rayon komitəsinin sədri Əli Sadıqov, rayon Təhsil sektorunun müdiri Ramella Məmmədova da iştirak edib.
Rayonun xanım təhsil işçilərini təbrik edən Ə.Sadıqov bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib: “Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi”.
R.Məmmədova çıxışında vurğulayıb ki, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar: “Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksəkdir”.
Digər çıxış edənlər Azərbaycan qadının fədakarlığından, vətənpərvərliyindən, ölkəmizdə onların hüquqlarının ən ali səviyyədə qorunmasından, gender bərabərliyindən söz açıblar.
Sonda fəal ittifaq üzvlərinə qiymətli hədiyyələr verilib.